Cəlilabad polisi daha 30 ailəyə ərzaq bağlamaları və tibbi maska paylayıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə “Evdə qal!” aksiyası çərçivəsində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlar, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı sosial yardım tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları 30 ailəyə baş çəkərək onları sevindiriblər.

Polis əməkdaşları rayonun müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələr gətirib, onlara öz evlərində təqdim ediblər.

Aksiyadan yararlanan insanlar onlara göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Polis işçiləri, həmçinin həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

ƏvvəlkiBakıda avtomobillərin sürücüləri və sərnişinləri yoxlanılır
NövbətiYAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb