Bu gün Ümumdünya Su və ya Su Resursları Günüdür

22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il Ümumdünya Su Günü “Su və İqlim Dəyişikliyi” devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Yer kürəsi səthinin üçdə ikisi su ilə örtülüdür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insan istifadəsi üçün əlçatandır. Bu gün 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri yoxdur. 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub.

Ötən əsrdə sudan istifadə 6 dəfə artıb ki, bu da dünya əhalisinin artım tempindən 2 dəfə çoxdur. Hazırda inkişaf etmiş ölkələrdə sızma səbəbindən şirin su ehtiyatlarının təxminən 30 faizi itirilir. Hətta bəzi böyük şəhərlərdə su itkisi 70 faizə çata bilir.

Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.

Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir. Həmin ölkələrdə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir.

Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.

2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamızın su ehtiyatları cəmi 31 kubkilometrdir. Bunun təqribən 21 kubkilometri qonşu ölkələrdə, 10 kubkilometri isə ölkə daxilində formalaşır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Əsas böyük su anbarları Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 kubkilometr təşkil edir.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 324 çayın uzunluğu 11-100 kilometr arasındadır. Əksər çayların uzunluğu isə 10 kilometrdən azdır.

Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılıb. Ölkəmizdəki daimi buzlaqların sahəsi 6-6,5 kvadratkilometrdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara, qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib. Nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azalıb. Ölkəmizdə əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atlımalıdır.