BMT-nin Baş katibi “iqlim sahəsində fövqəladə vəziyyət” elan edib

2019-cu ilin iyulu bütün meteomüşahidələrin tarixində ən isti ay olub. 2015-2019-cu illər isə çox güman, ən isti illər olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Fransanın Biarrits şəhərində “Böyük yeddiliy”in sammitində çıxışında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

BMT-nin başçısı vurğulayıb ki, dünya liderlərinin görüşünə iqlim məsələlərinə dair sammit üçün siyasi iradəni səfərbərliyə almağa gəlib. Sammit sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində təşkil ediləcək.

Baş katib deyib: “Dünya Meteorologiya Təşkilatının məlumatına görə, atmosferdə karbon qazının konsentrasiya səviyyəsi bəşəriyyətin bütün tarixi ərzində ən yüksək həddə çatıb: karbon qazının belə səviyyəsi 3-5 milyon il əvvəl də mövcud olub, onda temperatur da xeyli yüksək, dənizlərin səviyyəsi isə 10-20 metr yüksək olub”.

O xatırladıb ki, Qrenlandiyada buzlaqlar sürətlə əriyir. Təkcə iyul ayında orada 179 milyard ton buzlaq əriyib. Eyni zamanda Sibir, Alyaska, Kanada, Qrenlandiya və Amazonda bu ilin iyun-iyul aylarında yanğınlar onlarca meqaton karbon qazının atmosferə tullanmasına gətirib çıxarıb.

BMT-nin başçısı deyib: “Baş verənlər iqlimlə bağlı fövqəladə vəziyyətdir. Bu gün həmin vəziyyət Paris İqlim Sazişinin qəbul edildiyi 2015-ci ildən də xeyli pisdir. Bunu elmi məlumatlar təsdiq edir. İqlim dəyişmələri üzrə hökumətlərarası qrupun ekspertləri qeyd edirlər ki, biz yüzilliyin sonuna qədər temperaturun yüksəlməsini Selsi üzrə 1,5 dərəcə civarında saxlamalı, karbon qazı tullantılarını 2050-ci ilə qədər sıfıra endirməli, parnik qazları tullantılarını 2030-cu ilə qədər 45 faiz azaltmalıyıq”.

Baş katib vurğulayıb ki, ölkələr Paris Sazişini yerinə yetirmək üçün böyük səylər göstərməlidirlər. Parisdə iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində verilən vədlərin çoxu yerinə yetirilmir. Üstəlik, Sazişin nəzərdə tutduğu tədbirlər də artıq yetərli deyil. “Böyük yeddiliy”in sammiti beynəlxalq birliyə müraciət etmək üçün gözəl fürsətdir. “Yeddilik” ölkələri başqa ölkələrə nümunə olmalıdırlar”, – deyə Antonio Quterreş fikrini tamamlayıb.

ƏvvəlkiTürkiyə prezidenti Rusiyada səfərdədir
NövbətiAzərbaycanda axtarışda olan cinayətkar dəstənin rəhbəri Türkiyədə saxlanılıb