Bayram günlərində dəmir yolu ilə 20 mindən çox sərnişin daşınıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Turk.az-a verdiyi məlumata görə,  bayram günlərində, dekabrın 27-dən etibarən yanvarın 3-də daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub.

Qeyd edək ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20 min 171 sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan xeyli çoxdur.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə günaşırı, dekabrın 30-dan etibarən ayın cüt günlərində Bakıdan, dekabrın 31-dən etibarən ayın tək günlərində isə Gəncədən “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib. İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb.

ƏvvəlkiATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
NövbətiMilli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb