Baş prokuror BMT-nin tədbirində iştirak edib

Dekabrın 13-də Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyası öz işinə başlayıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

192 dövlətin hökumət başçıları, ali dövlət rəsmiləri və 15 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxslərinin bir araya gəldiyi tədbirdə sözügedən konvensiyanın üzv ölkələrdə icra vəziyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu kontekstdə reallaşdırılan islahatlar, eləcə də ortaya çıxan problemlərin həlli yolları müzakirə edilib.

Hibrid formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi Prokurorluq, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti əyani, habelə video-konfrans formatında təmsil ediblər.

Konfransda çıxış edən Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə əldə edilən milli təcrübənin spesifik xüsusiyyətlərini müxtəlif aspektlər üzərindən diqqətə çatdıraraq, mövcud siyasi iradəyə uyğun şəkildə ölkəmizdə icra olunan instusional və hüquqi yeniliklərdən bəhs edib, cinayət-hüquqi icraatlarda əmlak müsadirəsi və vurulan ziyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə dair nümunələr göstərib, bütün bunların balanslı anti-korrupsiya siyasətinin gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib.

Eyni zamanda, çıxışında zəfərlə nəticələnən haqq mübarizəmizə toxunan nümayəndə heyətinin rəhbəri ötən il işğal altında olan ərazilərimizin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi ilə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin açıldığını, belə ki, xarici və yerli investorların yeni infrastruktur layihələrinə cəlb edildiyi həmin ərzilərdə şəffaflıq və korrupsiyadan azad mühit kimi komponentlərin tam bərqərar edildiyini vurğulaıb.

Dekabrın 14-də sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi” adlı xüsusi tədbir baş tutub. Panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cİnayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.

Ölkəmizin korrupsiyaya qarşı mübarizədə növbəti dörd il üçün hazırlanan hədəfli milli fəaliyyət planından danışan Baş prokuror, bu istiqamətdə aparılan preventiv və cəza tədbirləri haqda məlumat verib. Kamran Əliyev korrupsiyaya qarşı mübarizə və onun tərkib hissəsi olan aktivlərin bərpası sahələrində beynəlxalq əməkaşlığın vacibliyini vurğulayaraq, müxtəlif beynəlxalq alətlərin və ikitərəfli qaydada əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulaıb.

Baş prokuror xüsusilə qeyd edib ki, ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib.

Belə ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb.

Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı adından çıxış edərək Hərəkat üzvlərinin korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına verdiyi önəm, korrupsiyanın təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunmasına mənfi təsiri, eləcə də innovativ yanaşmalar və texnoloji yeniliklərdən istifadə ilə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırıb.

İclasda panelist qismində iştirak edən tanınmış beynəlxalq mütəxəssislər, o cümlədən UNODC-nin korrupsiyaya qarşı mübarizə üzrə eksperti Vladimir Kozin, Böyük Britaniyanın Greenacre QHT-sinin həm-təsisçisi Ben Evans, Qeyri-kommersiya hüququ üzrə Avropa Mərkəzinin vitse-prezidenti Natalia Bourjalia və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Departament direktoru Fuad Əliyev bəzi xeyriyyə fondları və digər qeyri-kommersiya təşkilatları tərəfindən həyata keçirilən ianə toplanması kampaniyalarının korrupsiya və digər cinayətkarlıq məqsədlərinə xidmət etdiyini vurğulamış və bu cür halların qarşısının alınması üçün BMT üzv dövlətlərinə praktiki tövsiyələrin hazırlanmasını təklif ediblər.

Bu xüsusda, Azərbaycan nümayəndəsi tərəfindən 44 günlük Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən humanitar fəaliyyət adı ilə erməni əsilli şəxslərdən toplanan böyük həcmdə vəsaitin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyinə diqqət çəkilib.

Tədbirdə BMT üzv dövlətlərinin, beynəlxalq QHT-lərin, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri fiziki və onlayn əsasda iştirak edərək panelistlərə onları maraqlandıran sualları ünvanlayıblar.

Konfrans öz işini davam etdirir.

Əvvəlki“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
NövbətiHaitidə yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 50 nəfər həlak olub