Baş Mil-Muğan Kollektoru lildən təmizlənir

Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri həyata keçirilir. Hazırda Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir neçə istiqamətdə bu işləri davam etdirir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Baş Mil Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ və Muğan–Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının kollektor vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. İdarə 447 kilometrə yaxın magistral və təsərrüfatlararası kollektoru onların üzərində 47 ədəd hidrotexniki qurğunu, 3 ədəd hidropostu, 65 ədəd körpünü, Baş Mil Muğan Kollektoru boyunca 140 kilometrlik örtüklü yolu, 1068 kilometr təsərrüfat daxili kollektor-drenaj şəbəkəsini və onların üzərində 1086 ədəd borulu su buraxıcını istismar edir. Kollektorlarla Xəzər dənizinə 2022-ci ilin 10 ayında 1697.722 min kubmetr su axıdılıb.

Baş Mil Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən balansda olan nasos stansiyalarının hər biri saz vəziyyətdə saxlanılır. Hazırda nasos stansiyasında əsaslı təmir işləri aparılır, yeni bina inşa edilir. İstifadəyə veriləcək olan nasos stansiyası 9000 hektar sahəyə xidmət göstərəcək, həmin ərazilərdə şoranlaşmanın qarşısı alınacaq, torpaqların münbitliyi artacaq. Bu isə məhsuldarlığa müsbət təsir göstərəcək.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 kilometrdir. Bunun 22 kilometri Salyan, 18 kilometrə yaxını Sabirabad, 37 kilometri Neftçala, 63 kilometri isə Saatlı rayonunun ərazisinə düşür.