Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

Azərbaycan D-8 təşkilatında böyük aktivlik nümayiş etdirir. Bu gün Azərbaycan hökuməti tərəfindən D-8 təşkilatının tədbirləri dəstəklənir.

AZƏRTAC xəbər verir ki, bunu Gənclər Dialoqunda çıxış edən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam deyib.

D-8-in 1987-ci ildə İstanbulda təsis edildiyini xatırladan baş katib Azərbaycanın qoşulması ilə təşkilatın əhatə dairəsinin genişləndiyini bildirib: “Təşkilatın məqsədi iqtisadi əməkdaşlığı və ticarəti təşviq etməkdir. Gənclərin inkişafı və iqlim məsələləri də əsas fəaliyyət sahələrimizə daxildir. Azərbaycanın təşkilata qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik. COP29 təcrübəsi bizim üçün çox önəmlidir. Bu təşkilatın potensialı çox böyükdür.

Bizim əhalimizin 20 faizi gənclərdir. Həmin gənclər inkişafa aktiv töhfə verirlər. Gənclər bizim gələcəyimizdə böyük rol oynayırlar. D-8 də gənclərə dəstək vermək üçün öz məramını ifadə edir. İnanırıq ki, D-8 Gənclər Dialoqu çərçivəsində gənclər dünyada gedən proseslərdə daha aktiv iştiraklarına imkan yaradacaq bilik və bacarıqlar əldə edəcəklər. Forum vasitəsilə daha təhlükəsiz gələcək təmin etməyə çalışacağıq. Burada yeni inklüziv ideyaların formalaşacağına inanıram”.

ƏvvəlkiBu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
NövbətiKiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var