Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi açıldı

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılışı olub. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.

Bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Mərkəzin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi olacaq.

İƏT-in Baş katibi Hissein Brahim Taha çıxış edərək yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini diqqətə çatdırıb.

Əvvəlki“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”nın icrası müzakirə olunub
NövbətiAzərbaycan millisinə görə işçi qrupu yaradılacaq