Bağdad Amreyev: Türkdilli ölkələrin Birgə Sərmayə Fondunun yaradılması üzrə işlər yekunlaşır

Türkdilli ölkələrin Birgə Sərmayə Fondunun yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

O qeyd edib ki, noyabr ayında Türkdilli ölkələrin növbəti sammitində fondun rəsmi açılışı olacaq. Fondun əsas məqsədi daha çox orta və kiçik sahibkarlığın təşviqini nəzərdə tutur. Eyni zamanda, fond tərəfindən böyük layihələr, xüsusilə infrastruktur layihələri maliyyələşdiriləcək. Fondun əsas prioritetlərindən biri Qarabağ regionudur və iş adamları bu sərmayə fondundan faydalana biləcəklər. Fond növbəti ilin yanvar-fevral aylarında fəaliyyətə başlayacaq.