Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Faktı BDU-nun Mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva “Report”a təsdiqləyib.

G.Orucəliyeva qeyd edib ki, N.Mirməmmədli bu gün dünyasını dəyişib: “Hələlik onun ölüm səbəbi məlum deyil”.

Qeyd edək ki, Əməkdar incəsənət xadiminin ailəsi 2007-ci ildə faciələrlə üzləşib. Əvvəl onların 14 yaşlı oğlu dənizdə boğularaq ölüb. Daha sonra N.Mirməmmədlinin həyat yoldaşı Hikmət Mirməmmədli ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, N.Mirməmmədli 1961-ci ildə Bakıda anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.

Allah rəhmət eləsin!

ƏvvəlkiGəncədə Cavad xanın xatirəsi anılıb
NövbətiQarabağ Dirçəliş Fondu yaradılır