Bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib

Noyabrın 10-da Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə yarışda iştirak edəcək komandaların təqdimatı olub.

Açılış mərasimində çıxış edən “Ocaq Sport” klubunun direktoru vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova bu il klubun yaradılmasının on illiyinin qeyd olunduğunu vurğulayıb. Bildirib ki, bu illər ərzində klubun məşqçiləri və idmançıları təkcə yerli səviyyədə deyil, həm də ölkə və beynəlxalq arenalarda mühüm uğurlar qazanıblar. Bu nailiyyətlər əzmkarlığın, nizam-intizamın və komanda işinin nəticəsidir.

“Bu gün isə biz ikinci beynəlxalq yarışa ev sahibliyi edirik. Yarışda Azərbaycan gimnastları müxtəlif yaş kateqoriyaları üzrə 13 ölkənin təmsilçiləri ilə birgə mübarizə aparacaqlar. İnanıram ki, bu yarışlarda hər bir idmançı bizə təkcə fiziki gücün deyil, həm də ruhun gücünün nə qədər vacib olduğunu xatırladacaq. Fürsətdən istifadə edərək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyasına yarışın keçirilməsində göstərdiyi dəstəyə və əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”.

Yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası qüvvəsini sınayacaq. Yarışda 2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” Klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, eləcə də yığma komandalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir. İdman ocağının yetirmələri indiyədək ölkəmizdə gimnastikanın inkişafına uğurlu töhfələrini veriblər. Klubun idmançıları dəfələrlə yerli yarışlarda fərqlənərək yığma komandanın heyətində yer alıb, eləcə də müxtəlif beynəlxalq yarışlarda nailiyyətlər qazanıblar. “Ocaq Sport” klubu tərəfindən hər il mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yerli yarışlar təşkil edilir. Ötən il ilk dəfə olaraq ölkəmizdə bədii gimnastika üzrə birinci beynəlxalq “Ocaq kuboku” turniri keçirilib.

ƏvvəlkiUkraynada müharibədə ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı məlum olub
NövbətiNaxçıvanda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib