“Azərsu” Dünya Bankına borcunu bağlayıb

“Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 % azdır.

Hesabat dövründə “Azərsu”yun Dünya Bankına borcu 100 % azalıb. Belə ki, qurum ötən il Banka 3,843 milyon manat borc qaytarıb.

Səhmdar cəmiyyətinin Maliyyə Nazirliyinə borcu 8,3 % artaraq 160,813 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,1 % azalaraq 52,759 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 18,4 % azalaraq 26,507 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 7,9 % azalaraq 15,25 milyon manat olub.

Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz və illik 1%-lə, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.

Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

ƏvvəlkiViləşçay su anbarının II növbəsinin tikintisi layihəsinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib
NövbətiBrüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşü olub