Azərbaycanın olimpiya çempionunun məhkəməsi: 30 min manatlıq iddia da qaldırılıb

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs E.Muxtarov elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Onun vəkilləri Taleh İbrahimov və Gülşən Salmanova vəsatət qaldırıblar.

Vəsatətlər E.Muxtarovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, sənədlərin sübutlar siyahısından çıxarılması, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən faktların iş materiallarına əlavə edilməsindən ibarət olub.

Zərərçəkmişin nümayəndəsi Nizami Canıyev isə prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Zərərçəkmiş həmçinin məhkəmədə təqsirləndirilən şəxsə qarşı 30 min 400 manat mülki iddia qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin edib, eləcə də zərərçəkmişin 30 min 400 manat mülki iddiasını icraata götürüb.

Bundan əlavə, təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin olunmayıb. Əvəzində, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən faktlar iş materiallarına əlavə ediləcək.

Daha sonra prosesdə elan edilib ki, zərərçəkmişin nümayəndəsi kimi order təqdim edən Nizami Canıyev zərərçəkmişin müdafiəçisi statusundan çıxarılır.

Buna səbəb isə iş üzrə yeganə şahid olan Günay Əliyevanın (ad, soyadı şərti) ərizə ilə məhkəməyə müraciət etməsidir. Belə ki, onun sözlərinə görə, ifadəsi təhrif olunub və üzləşmək istəyir.

Şahidin ərizəsində qeyd olunur ki, E.Muxtarovda bıçaq olmayıb və pul tələb etməyib, ona zərərçəkmiş qismində tanınan əri və nümayəndəsi N.Canıyev təzyiq edirlər.

Hakim bildirib ki, N.Canıyev ibtidai istintaq zamanı həm zərərçəkmiş şəxsin, həm də şahidin nümayəndəsi olub. Hazırda isə zərərçəkmişlə şahidin maraqları arasında ziddiyət təşkil etdiyinə görə, N.Canıyev zərərçəkmişin vəkili kimi işə buraxıla bilməz.

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

ƏvvəlkiGənclər təşkilatı regionlarda  maarifləndirici tədbirlərini davam etdirir
NövbətiQaxda qar örtüyünün hündürlüyü 46 santimetrə çatıb