Azərbaycanda qriplə bağlı gələn həftə növbəti monitorinqə start veriləcək

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

DBX-dən Trend-ə verilən məlumata görə, yanvarın 14-dən 18-dək köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatda, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

ƏvvəlkiBakıda magistral kəmərdə qəza nəticəsində avtomobil yolunu su basdı
Növbəti“Əsrin hakeri” gimnaziya tələbəsidir