Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub

“Azərbaycan Dəmir Yolları” QSC-də 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

Türk.az “Report”-a istinadən xəbər verir ki, dəmiryolçular tədbirdən əvvəl Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini yad ediblər. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları da ziyarət olunub.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib. O, bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və ilk xəttin inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Xətt uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin dövrdən başlayaraq, yük daşınmasına olan tələbatın artması səbəbindən dəmir yolu inkişaf edərək təkmilləşib.

Uzun müddət Zaqafqaziya dəmir yolunun Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il, oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1 773 saylı qərarı ilə SSRİ dəmir yolunun bir hissəsi elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə isə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürərək, 2005-ci il, oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycanın  dəmir yolunun yarandığı gün – dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

139 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli inkişaf yolu keçib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daim inkişafda olub, Ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində ötən əsrin 70-90-cı illərində tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, ölkəmiz beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.

Tədbirin sonunda bu ilin avqust-sentyabr aylarında Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində keçirilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

ƏvvəlkiTəhsil Sərgisinin ən böyük stendi təhsilin informasiyalaşdırılmasına həsr olunub
Növbəti“Türk ordusunda döyüşmək istəyirik” – Azərbaycanda könüllülər hərəkatı başlayıb