Azərbaycan QHT-ləri beynəlxalq insan hüquqları təşkilatlarına müraciət ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları “Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rota, “Freedom House” təşkilatının prezidenti Maykl Abramovitsə və “Amnesty International” təşkilatının baş katibi Kumi Naiduya müraciət ünvanlayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətin müəllifləri son günlər bir neçə ölkədə azərbaycanlıların dinc etiraz nümayişlərini erməni millətçiləri və diaspor üzvlərinin hədəfə alınmasından, onlara qarşı fiziki zor tətbiq olunmasından narahatlıqlarını ifadə ediblər.

Müraciətdə, həmçinin deyilir: “Məlumdur ki, Ermənistan 30 ildir Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqda, qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir milyon insanın hüquqlarını kobud şəkildə pozmaqda, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət həyata keçirməkdə və tarixi abidələrimizi dağıtmaqda davam edir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymaması, bunun müqabilində işğalçı ölkənin cəzasız qalması və sülh danışıqlarının heç bir nəticə verməməsi artıq münaqişəni dialoq müstəvisindən müharibə həddinə çatdırıb.

İyulun 12-17-də isə ermənilər işğal olunmuş Dağlıq Qarabağdakı cəbhə xəttindən uzaqda, bir çox beynəlxalq iqtisadi və enerji layihələrinin keçdiyi Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum edərək, yüksək rütbəli zabitlərimizi və əsgərlərimizi, həmçinin dinc sakinimizi qətlə yetirib. Ermənistanın koronavirus pandemiyası dövründə ölkəmizə qarşı etdiyi hərbi təcavüz xaricdə yaşayan soydaşlarımızın haqlı etirazlarına səbəb oldu. Bundan irəli gələrək onlar vətəndaşı olduqları ölkələrdə bu təcavüzə öz etirazlarını bildirirlər.

Təəssüf ki, yaşadıqları ölkələrin qanunlarına uyğun olaraq dinc nümayişlər keçirən azərbaycanlıların sivil dünyaya haqq səslərini çatdırmaq təşəbbüsünü Ermənistan rəhbərliyi ilə sıx təmasda olan erməni diasporunun nümayəndələri mənəvi və fiziki terrorla qarşıladılar.

İyul ayının 21-dən başlayaraq ABŞ-ın Los-Anceles şəhərində, Belçikanın paytaxtı Brüsseldə, Fransanın paytaxtı Parisdə, Moldova, Ukrayna, Rusiya və digər ölkələrdə dinc aksiya keçirən soydaşlarımıza qarşı ermənilər hücumlar təşkil edir, azərbaycanlılar həmin şəhərlərdə erməni millətçiləri tərəfindən izlənilir və onlara ciddi xəsarət yetirilir. Bütün bu hücumlar sosial şəbəkələrdə azərbaycanlılara qarşı terrora başlamaq çağırışı və bununla da vəziyyəti gərginləşdirmək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın Tovuza hücumundan yayındırmaq məqsədi daşıyır.

Erməni milliyyətindən olan şəxslər yaşadıqları ölkələrin qanunlarını kobud şəkildə pozaraq təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə basqın etmiş və səfirliklərin binalarına və əməkdaşlarına ciddi xəsarət yetirmişlər. Bir çox aksiyalarda ASALA terror təşkilatının emblemi və hərbi geyim forması geyinmiş erməni gənclərinin fotoları qeydə alınıb.

Dünyanın gözü qarşısında baş verən, foto və videolarla sübut olunan bu vəhşiliyə, vandalizmə və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına beynəlxalq təşkilatlar, xüsusilə sizin kimi insan haqlarının müdafiəsi istiqamətində ixtisaslaşmış beynəlxalq QHT-lər laqeyd qalmaqda davam edir.

Sizin bu səssizliyiniz və laqeydliyiniz Azərbaycan QHT sektoru arasında təkcə heyrətlə qarşılanmır, həmçinin ciddi narazılıq və suallar doğurur. Necə ola bilər ki, sizin rəhbərlik etdiyiniz qurumlar ölkədə baş verən ən xırda qanun pozuntusuna dərhal reaksiya verir və bununla bağlı beynəlxalq həmrəylik nümayiş etdirirsiniz, ancaq gözünüzün qabağında və ofisinizin qarşısında ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu qədər açıq zorakılıq və cinayət hadisələrinə göz yumursunuz?

Azərbaycanlıların yerli qanunvericiliyə uyğun olaraq razılaşdırılmış nümayişlər və etiraz aksiyalarına edilən hücumlar nəticəsində xəsarət alan vətəndaşların pozulmuş hüquqları sizləri heçmi maraqlandırmır? Sizin susqunluğunuz erməni millətçiləri tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağır olmasına gətirib çıxarır.

Bütün bunları nəzərə alaraq, Azərbaycanın QHT sektoru adından sizlərə müraciət edir, yuxarıda adları qeyd olunan ölkələrdə dinc azərbaycanlılara qarşı erməni millətçilərinin törətdiyi fiziki terroru, zorakılığı, nifrət cinayətlərini pisləməyə çağırırıq.

Ümid edirik ki, sizlər bizim bu müraciətimizə laqeyd qalmayacaq, ikili standartlardan və selektiv yanaşmalardan uzaq olduğunuzu sübut etmək üçün bu hadisələrə obyektiv və ədalətli qiymət vermək imkanını qaçırmayacaqsınız”.

Qeyd edək ki, müraciət Azərbaycanda fəaliyyət göstərən 891 QHT tərəfindən qəbul olunub.

ƏvvəlkiAzərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul ixrac edib
NövbətiTürkiyədə 211 mindən çox şəxs infeksiyadan sağaldı