Azərbaycan Prezidenti: Əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq

Əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Keçən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. “Bakı Prosesi” bizim təşəbbüsümüzlə başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib “Bakı Prosesi”nə start verdik. Bayaq qeyd etdiyim kimi, bu gün beynəlxalq aləmdə “Bakı Prosesi” çox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır.

Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir”.

Prezident İlham Əliyev vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür: “Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”.

Azərbaycan Prezidenti qeyd edib ki, bizim iqtisadi göstəricilərimiz çox müsbətdir: “2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir.

Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır.

Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.

ƏvvəlkiTbilisidə etirazçılar Gürcüstan parlamentinə girişləri bağlayıblar
NövbətiPrezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib