Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib

Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib.

Bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, Məhərrəm və Səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir etmişdi.

“Yeni il qabağı istehsalçılar da mal ehtiyatlarını artırmağa çalışırlar. Ümumi olaraq hazırda qızıl və zinət əşyaları bazarındakı vəziyyəti müsbət qiymətləndirmək olar. Qiymətlərdə bahalaşma qeydə alınmayıb. Hər bayram ərəfəsində qızıl və zinət əşyalarına tələbat artır. Ancaq tələbatın artması qiymətləri bahalaşdırmır. Ölkəmizdə vətəndaşlar əsasən yerli istehsal olan qızıl və zinət əşyalarına üstünlük verir. Daha sonrakı yerlərdə isə Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan qızıllar gəlir”.

T.Abbasquliyev bildirib ki, Azərbaycanda zərgərlik bazarının 75 faizi toy-nişan mərasimləri hesabına formalaşır.

“Pandemiyadan sonra toylar daha sadə keçirilməyə başlanıb. Bu da zərgərlik bazarına müəyyən qədər mənfi təsir göstərir”, – deyə o, qeyd edib.