Azərbaycana satmaq məqsədi ilə 7 kiloqramdan çox tiryək gətirən şəxslər saxlanılıblar

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Daxili İşlər Nazirliyindən (DİN) “Report”a bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmailov və tanışı Nadir İsmayılov saxlanılıblar.

Onların əlində olan 3 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə ediblər. Onlar tiryəki satmaq niyyəti ilə yaşadıqları Sabirabad rayonuna aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.