Azərbaycan və Xorvatiya prezidentlərinin görüşü olub

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

Türk.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb. Xorvatiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub. Prezidentlər birgə foto çəkdiriblər.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıbar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıbar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.