Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

“Report”un məlumatına görə, rəqib Bosniya və Herseqovina yığması olub. “Dalğa Arena”da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 11 xalla 2-ci sıradakı mövqeyini qoruyub.