Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var

Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Seyid İbrahim Rəisiyə təbrikində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bu illər ərzində çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik inkişafında mühüm rol oynayıb.

Təbrikdə daha sonra deyilir: “Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq”.

Prezident İlham Əliyev məktubunda xalqlarımızın mənafelərinə və ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib.