Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və keçirilmə vaxtları dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat katibi Şəfəq Kərimovanın Türk.az-a verdiyi məlumata görə,Tokio -2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün hələ Olimpiadaya vəsiqə qazanmayan 8 ən yaxşı komanda mübarizə aparacaq.

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız Tokio -2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün 7-12 yanvar 2020-ci il tarixlərində Avropa qitəsi üzrə keçiriləcək təsnifat turnirində iştirak edəcək. Həmin turnir Hollandiyanın Apeldorn şəhərində təşkil olunacaq. Tokio -2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün hələ Olimpiadaya vəsiqə qazanmayan 8 ən yaxşı komanda mübarizə aparacaq. Bu “səkkizlik” sonuncu Avropa çempionatının nəticələrinə əsasən dəqiqləşib. Milli komandamız qitə birinciliyini 10-cu yerdə başa vursa da, artıq vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın ön sıralarda qərarlaşması voleybolçularımızın Apeldorna yolunu açıb.

Nəticədə turnirdə Azərbaycan və meydan sahibi Hollandiya ilə yanaşı, yeganə lisenziyaya Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya iddia edəcəklər.

Kişi komandaları arasında keçiriləcək təsnifat turnirində isə  Azərbaycan millisi mübarizə aparmayacaq.Həmin turnir 5-10 yanvar 2020-ci il tarixlərində Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Qeyd edək ki, kişilərin yarışında Yaponiya, Braziliya, ABŞ, İtaliya, Polşa, Rusiya və Argentina, qadınların mübarizəsində isə Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Tokio-2020-də iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.