ATƏT PA-nın iclasında Azərbaycandan keçən nəqliyyat infrastrukturunun əhəmiyyətindən bəhs edilib

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-ci qış sessiyasında İqtisadiyyat komitəsində ATƏT məkanında iqtisadi vəziyyətə dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin üzvü Tahir Mirkişili komitənin iclasında çıxış edib və bildirib ki, iqtisadi təhlükəsizliyi müzakirə edərkən üzv dövlətlər arasında təhlükəsiz nəqliyyat əlaqələri dəstəklənməlidir. Güvən və mehriban qonşuluq şəraitində inşa edilən bu layihələrdən biri də Orta Dəhlizdir.

Bildirilib ki, Orta Dəhliz Çindən Qazaxıstan, qismən də Özbəkistan və Türkmənistandan keçməklə, Xəzər dənizindən Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Qara dənizə uzanan multimodal quru və dəniz nəqliyyatı marşrutudur.

Azərbaycanda, Gürcüstanda və Türkiyədə infrastruktura böyük sərmayə qoyulması, Ukraynadakı müharibə və sanksiyalar, o cümlədən Aİ-də fəaliyyət göstərən rus ekspeditorlarının qadağan edilməsi və Aİ-dən gələn yük maşınlarının Rusiyaya girişinə qadağa qoyulması səbəbindən quru yolu ilə daşınan malların əhəmiyyətli hissəsinin istiqamətinin dəyişdirilməsi lazım gəlir ki, bu da Orta Dəhlizin güclü potensialını ortaya qoyur.

Orta Dəhliz 35 günlük dəniz yolu ilə müqayisədə Çin və Avropa arasında məsafəni 13 günə endirir. Avropa nöqteyi-nəzərindən o, həmçinin Mərkəzi Asiya və Qafqaz regionunun böyüyən bazarlara, həmçinin Gürcüstan və Türkiyə limanları vasitəsilə Yaxın Şərq, Şimali Afrika və Avropa-Aralıq dənizi regionuna daha sürətli çıxış təklif edir. Müharibə başlayandan bəri Orta Dəhlizdə nəqliyyatın həcmi əhəmiyyətli dərəcədə artıb.

Diqqətə çatdırılıb ki, Orta Dəhliz üçün də problemlər var. Potensialın artırılması, Mərkəzi Asiyada nəqliyyat infrastrukturunun inkişafı, Xəzər dənizində nəqliyyat gəmilərinin sayının artırılması, bütün gömrük və sərhəd xidmətlərinin rəqəmsallaşdırılması, vahid qiymət siyasəti əsas vəzifələrdir. Bu məqamda Aİ-nin Mərkəzi Asiya infrastruktur layihələrinə və Transxəzər layihələrinə sərmayə qoymaq təşəbbüsləri təqdirəlayiqdir. Bu kontekstdə sülhün bərqərar olması və Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi də daxil olmaqla bütün nəqliyyat kommunikasiyalarının açılması Orta Dəhlizin imkanlarını da artıracaq.

Diqqətə çatdırılıb ki, Azərbaycan bu il COP-29-a ev sahibliyi edəcək və Azərbaycan “yaşıl iqtisadiyyata” sərmayə qoymağa önəm verir. Buna görə Orta Dəhlizi “Yaşıl Dəhliz” kimi də adlandırmaq olar.

T. Mirkişili yekunda qeyd edib ki, Şimal dəhlizində yaranmış maneələr də getdikcə Orta Dəhlizin əhəmiyyətini artırır. Planlaşdırılan sərmayələr vasitəsilə potensialın və beləliklə də nəqliyyat həcminin növbəti illərdə güclü şəkildə artmağa davam edəcəyi gözlənilir. Bu inkişaf alqışlanmalıdır, çünki o rəqabəti gücləndirir və hələ də üstünlük təşkil edən nəqliyyat marşrutlarından asılılığı azaldır: “Bu ideyanı dəstəkləmək üçün biz bütün üzv dövlətləri Orta Dəhliz layihələrinə investisiyaları təşviq etməyə çağırırıq”.

ƏvvəlkiXocalıda kütləvi məzarlıq aşkar edilib
NövbətiAzərbaycanda elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib