Ankara Bolqarıstan vasitəsilə üçüncü ölkələrə qaz satışını istisna etmir

Türkiyə Bolqarıstan vasitəsilə üçüncü ölkələrə qaz satışını istisna etmir.

Trend xəbər verir ki, bunu cüə axşamı Bolqarıstana ildə 1,5 milyard kubmetr qaz tədarükü ilə bağlı 13 illik müqaviləni şərh edərkən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Onun sözlərinə görə, Türkiyənin “Botaş” şirkəti ilə Bolqarıstanın “Bulgargaz” şirkəti arasında razılıq iki ölkə prezidentlərinin İstanbuldakı görüşündən cəmi üç həftə sonra əldə edilib.

“Türkiyə Bolqarıstanın enerji təhlükəsizliyinə töhfə verir. Ümumiyyətlə, müqaviləyə əsasən, söhbət 20 milyard kubmetr qazdan gedir. Lazımi şərait yaranarsa, Türkiyə Bolqarıstan vasitəsilə qaz ticarətini təşkil edə, yəni üçüncü ölkələrin qaza olan tələbatını ödəyə bilər”, – deyə nazir bildirib.