Anım Günündə ölkəmizdəki məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur

Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – Heydər məscidində, Təzəpir məscidində, “Jen Mironosits” pravoslav kafedral kilsəsində, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Ağdam Cümə məscidində, Kəlbəcərdəki Xudavəng məbədində, Laçındakı Ağoğlan məbədində, Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad edilir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur, dini ayinlər icra olunur, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda dəmir yumruq kimi birləşərək dövlətimizin düşmənə layiqli cavab verməsinə nail oldu. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyin gücünü bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak etdilər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq, həmrəy olduğunu bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizə Zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı.

ƏvvəlkiƏrdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
NövbətiVətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib