ABŞ-ın iki şəhərində cari il oktyabrın 18-i “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü” elan edilib

ABŞ-ın Minnesota ştatının Minneapolis və Börnsvill şəhərlərinin rəhbərliyi Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə soydaşlarımıza bəyannamələr ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Minneapolis şəhər meri Ceykob Frey və Burnsville şəhər meri Elizabet Kautzun imzaladıqları sənədlərdə Azərbaycan əsilli amerikalıların Minnesota ştatı cəmiyyətinin fəal üzvləri olduqları, milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına, bu ştatda sülhün inkişafına töhfə verdikləri nəzərə çatdırılıb.

Bəyannamələrdə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ Prezidenti Vudro Vilsonun “Azərbaycan liderləri azadlıq, hüquq və ədalət konsepsiyalarına yanaşmada mənim ideallarımı bölüşürlər” fikrini söylədiyi, hazırda Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının fəal iştirakçısı olduğu xatırlanıb.

Ölkəmizin 1922-ci ildən 1991-ci ilədək SSRİ-nin tərkibində olduğunu və 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul etdiyini nəzərə alan merlər 2021-ci il 18 oktyabr tarixini “Minneapolis və Burnsville şəhərlərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü” elan ediblər.

Qeyd edək ki, bəyannamələrin təşəbbüskarı Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis olub.