ABŞ-da dünyanın ən böyük atəşfəşanlıq şousu keçirildi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Müstəqillik Gününün 245-ci ildönümünü qeyd edilib.

“Report”un yerli bürosu xəbər verir ki, pandemiya səbəbi ilə ötən il məhdud şəkildə təşkil olunan fişəng nümayişinə bu il milyonlarla insan qatılıb.

Paytaxt Vaşinqtonda və ətrafında yaşayan amerikalılar ABŞ Konqresi binasının, Vaşinqton və Linkoln abidəsinin olduğu geniş ərazidə toplaşıblar. Abidənin ətrafında başlayan və təxminən 20 dəqiqə davam edən atəşfəşanlıq izləyiciləri valeh edib.

Bayram üçün ənənəvi olaraq hər il təşkil olunan dünyanın ən böyük atəşfəşanlıq şousunun mərkəzi Nyu-Yorkun şərq çayının sahilləri olub. Nyu-Yorkun “Times” Meydanından başlayaraq şəhərin Kuins və Manhetten əyalətlərinin sahillərindən şərq çayı boyunca Bruklin və Manhetten körpüsünün ətrafında baş tutan rəngarəng atəşfəşanlıq şousu İmperiya Dövlət Binasında (Empire State Building) sona çatıb.

Yarım saat müddətində reallaşan möhtəşəm şou küçələrdə qoyulan nəhəng monitorlarda və yeri televiziya kanalları ilə canlı yayımlanıb.

Qeyd edək ki, iyulun 4-ü Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar.

ƏvvəlkiADA Universiteti ilə Qırğızıstanın Diplomatik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb
NövbətiRövşən Əkbərovun məhkəməsinin vaxtı açıqlandı