ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb

ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Trend-in məlumatına görə, danışıqların ikinci günü görüş ikitərəfli formatda keçiriləcək. ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulmur.

Qeyd edək ki, E.Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli qapalı görüşlər keçirib.

Blinken və Bayramov Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər.

Nazir C.Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb. Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımları vurğulanıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Daha sonra nazirlər fasilələrlə 4-5 saat davam edən ikitərəfli görüş keçiriblər. Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.

ƏvvəlkiYunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub
NövbətiBQXK-nın avtomobilləri Laçın sərhəd-buraxılış məntəqəsindən keçdi