BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 23-də – Baş Assambleyanın 80-ci sessiyasının “Yüksək Səviyyəli Həftə”sinin ilk günündə – Qəzza zolağındakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı iclaslar təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə sentyabr ayında TŞ-yə sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, Qəzza üzrə brifinq Bakı vaxtı ilə saat 21:00-dan 00:00-a qədər “Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi” adı altında keçiriləcək. Ukrayna üzrə brifinq isə saat 00:00-dan 03:00-a qədər “Ukraynada sülh və təhlükəsizliyin təmin olunması” mövzusu üzrə baş tutacaq.
Hər iki tədbirdə ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.