İƏT-yə üzv ölkələrin XİN rəhbərləri İsrailin Qəzzadakı hərbi əməliyyatlarını pisləyib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Qəzza ilə bağlı yekun bəyanatı qəbul edərək İsrailin anklav və İordan çayının Qərb sahilindəki hərbi əməliyyatlarını pisləyib və Fələstin əraziləri üzərində nəzarətin Fələstin Milli Administrasiyasına verilməsini istəyiblər.

“Report”un xəbərinə görə, bu barədə İƏT-nin saytında dərc olunan sənəddə bildirilib.

Sənəddə İsrailin Qəzzanı və əlavə əraziləri işğal etmək planlarının yolverilməzliyi qeyd edilib, İsrailə silah-sursat tədarükünün, hərbi əməliyyatların dərhal dayandırılması və Qəzza zolağının blokadasının aradan qaldırılması tələb olunub.

Nazirlər Təl-Əvivin sülh təşəbbüslərindən imtina etməsini və atəşkəs əldə edilməsi üçün vasitəçilər vasitəsilə əməkdaşlıq etməsini pisləyiblər. Onlar İsrailin BMT-dəki üzvlüyünə yenidən baxıla biləcəyini elan edib və ölkənin “Fələstinlilərə qarşı müharibə cinayətləri və soyqırımı”na görə Beynəlxalq Ədalət Məhkəməsində məsuliyyətə cəlb olunmasını istəyiblər.

Xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasını Baş Assambleyanın sentyabrda keçiriləcək sessiyası zamanı təcili iclas keçirməyə və İsraillə diplomatik və iqtisadi əlaqələrin səviyyəsini nəzərdən keçirməyə çağırıblar. İclas iştirakçıları Misir, Qətər və ABŞ-nin atəşkəs rejiminin tətbiqi və girovların mübadiləsinə dair sazişin bağlanması üzrə diplomatik səylərini dəstəkləyiblər.

ƏvvəlkiSaida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
NövbətiƏrdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək