28 May – Müstəqillik Günü Ankarada geniş qeyd olunub

Mayın 26-da Türkiyə Prezident Administrasiyasının Kompleksində yerləşən “Beştepe” Konqres və Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin dövlət və hökumət təmsilçiləri, qardaş ölkədə akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm və mədəniyyət xadimləri, hərbi məktəblərin kursantları iştirak ediblər.

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına təbrik mesajının səsləndirilməsi ilə başlayıb.

Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. “1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında hüquqi və dünyəvi dövlət nümunəsi idi”, – deyən diplomat bildirib ki, cümhuriyyət yalnız 23 ay fəaliyyət göstərsə də, regionun inkişafında mühüm rol oynayıb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət strukturlarının yaranmasına nail olub.

Səfir bildirib ki, qardaş Türkiyənin dəstəyi Azərbaycanın gücünə daim güc qatıb. “85 milyonluq türk xalqının və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini Vətən müharibəsi dövründə də hiss etdik. Beləliklə, bənzərsiz Türkiyə-Azərbaycan birliyi bir daha özünü göstərdi. Xalqımız və ordumuz tək olmadığını hiss etdi. Bizi ayıra biləcək heç bir güc yoxdur, çünki biz eyni millətin övladlarıyıq”, – deyə R.Məmmədov vurğulayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy öz növbəsində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, Türkiyə və Azərbaycan ümumi dəyərləri, ortaq mədəniyyəti paylaşan iki strateji müttəfiqdir.

Türkiyəli nazir qeyd edib ki, Sovet İttifaqının dağıldıqdan sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin dərin dövlətçilik təcrübəsi və siyasi iradəsi nəticəsində böyük inkişaf yolu keçib, dövlət müstəqilliyimiz möhkəmlənib.

Azərbaycanla bağlı videoçarxın nümayişi ilə davam edən tədbirdə daha sonra çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankara ilə Bakı arasındakı sarsılmaz birliyin davam edəcəyinə əmin olduğunu deyib.

Türkiyə ilə Azərbaycanın birgə səyləri ilə bir çox mühüm layihənin həyata keçirildiyini xatırladan vitse-prezident qeyd edib ki, əməkdaşlığımızın son uğurlu nümunəsi Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılan İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə, həmçinin Naxçıvan üzərindən şəkillənən tarixi birliyimizin simvoludur.

Cevdet Yılmaz çıxışının sonunda vurğulayıb ki, Türkiyə can Azərbaycanla birlikdə regionda təhlükəsizlik və sabitlik istiqamətində atdığı addımlar çox vacibdir. “Bu gün qardaşlarımızın azad olunan ərazilərə qayıdış prosesini böyük qürurla izləyirik. Liderlərimizin iradəsi ilə Şuşada təsdiq olunan müttəfiqlik münasibətlərimiz bütün istiqamətlərdə inkişaf etməkdədir. Bizim birliyimiz Türk dünyası üçün də əhəmiyyətlidir. Türkiyə və Azərbaycan ümumi ideallar ətrafında birləşərək gələcəklərini birlikdə qurur”, – deyə siyasətçi ifadə edib.

Tədbir konsert proqramı ilə davam edib.

ƏvvəlkiBakıda “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” adlı panel müzakirə aparılıb
NövbətiPakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib