24 sentyabrda Azərbaycan jurnalistlərinin 8-ci qurultayı keçiriləcək

Sentyabrın 6-da Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Mətbuat Şurasından Musavat.com-a bildiriblər ki, iclası açan Şuranın sədri Əflatun Amaşov qurumun Nizamnaməsinə əsasən hər dörd ildən bir Azərbaycan jurnalistlərinin qurultayının keçirilməli, İdarə Heyəti yenidən seçilməli olduğunu qeyd edib. Deyib ki, bundan başqa, Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibi də yenilənməlidir. Prosedur qaydalara uyğun olaraq, ali məclisin keçirilməsi üçün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır.

“İndiyədək Azərbaycan jurnalistlərinin yeddi qurultayı keçirilib. Axırıncısı 2018-ci ildə baş tutub. Artıq vaxtdır. Bu, sayca səkkizinci ali məclisimiz olacaq. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, qurultaya hazırlıq üçün formalaşdırılacaq Təşkilat Komitəsinin üzvləri bir qayda olaraq İdarə Heyətinin üzvlərindən təşkil edilir. Başqa təklif yoxdursa, yenə həmin qaydada olsun. Fikrimcə, birlikdə prosesə effektiv hazırlığı reallaşdıra biləcəyik”, – deyən Ə.Amaşov vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının təşkili məqsədilə Mətbuat Şurasına üzv təşkilatlarla müvafiq iş aparılmalıdır.

Üzv təşkilatlar qurultayda iştirak edəcək nümayəndəsinin və nümayəndələrinin adlarını Təşkilat Komitəsinə təqdim etməlidirlər. Bundan başqa, onlar Mətbuat Şurasının İdarə Heyətində görmək istədikləri şəxslərin adlarını da bildirməlidirlər. Hər iki Nizamnamə prosedurunun tətbiqi üçün artıq anketlər hazırlanıb və onlar Mətbuat Şurasının presscouncil.az saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı bannerdə yerləşdirilib. Şuranın üzvləri ora daxil olaraq hər iki anketi endirə bilərlər. Anketlər doldurulub təşkilatın rəhbərinin imzası və möhürlə təsdiqləndikdən sonra skan edilib Şuranın info@presscouncil.az elektron ünvanına göndərilməlidir. Anketlər qeyd edilən prosedur yerinə yetirilməklə Mətbuat Şurasına şəxsən də çatdırıla bilər.

Ə.Amaşov qurultaya qədər Təşkilat Komitəsinin fəaliyyəti, eləcə də ali məclislə əlaqədar məsələlərə dair cəmiyyətə əlavə məlumatların veriləcəyini də diqqətə çatdırıb. O, çıxışında, həmçinin qurultayın sentyabrın 24-də təşkil olunmasını təklif edib.

Şuranın İdarə Heyətinin üzvləri çıxışlarında Azərbaycan jurnalistlərinin indiyədək keçirilmiş qurultaylarının ölkənin ictimai həyatında mühüm əlamətdar hadisələr kimi yadda qaldığını vurğulayıblar. Onlar bu ənənənin davam etdirilməsi üçün səkkizinci ali məclisə hazırlıq işlərinin də yüksək səviyyədə görülməsinin vacibliyini önə çəkiblər.

İclasda, həmçinin qurultayın keçirilmə yeri, iştirak qaydası ilə bağlı bir sıra məsələlər müzakirə olunub, yekdil fikrə gəlinib. Qərara alınıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaxın günlərdə bunlarla əlaqədar ictimaiyyətə ətraflı məlumat versin.