2019-cu ilin sonunadək Özbəkistanda 13 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayacaq

2019-cu ilin sonunadək Özbəkistanda 13 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Baş nazirinin müavini Əziz Abduxakimov ölkədə təhsil sahəsində aparılan islahatlarla bağlı jurnalistlərə açıqlamasında deyib.

Qeyd edib ki, bir il ərzində səkkiz xarici ali təhsil müəssisəsinin, 22 birgə fakültənin, 46 birgə təhsil proqramının yaradılması nəzərdə tutulur.

Əziz Abduxakimov bildirib ki, Daşkənddə Fransanın Strasburq, Sarbona, Vitel və Serji-Pontua, Hindistanın Amiti və Şarda, Türkiyənin Hacəttəpə, Koreyanın Sican və Adju ali təhsil ocaqlarının filiallarının açılması istiqamətində danışıqlar aparılır. Son bir il ərzində Özbəkistanda Amerika Birləşmiş Ştatlarının Vebster, Koreyanın Yedju və Puçon, Fransa Moda Akademiyasının, Latviyanın İSMA ali məktəblərinin filialları açılıb.

Baş nazirin müavini qeyd edib ki, Çin, Yaponiya və digər qabaqcıl ölkələrin aparıcı ali məktəblərinin də Özbəkistana cəlb edilməsi nəzərdə tutulur.

O deyib: “Yaxın dövrdə Daşkənddəki Kimya Texnologiya İnstitunun bazasında Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin, Dünya İqtisadiyyat və Diplomatiya Universitetinin nəzdində isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (MGİMO) açılması gözlənilir”.