15 iyul şəhidlərinin xatirəsi Naxçıvanda anılıb

Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğunda 15 iyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə 2016-cı il iyulun 15-də qardaş ölkədə baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan şəxslərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Məhmət Emin Kiraz bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Bu gün həmin qəhrəmanlıq tarixindən beş il ötür.

Vurğulanıb ki, əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Bu zaman 251 şəhid verən qardaş Türkiyə Respublikasının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyiblər. Dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb.

Baş konsul bildirib ki, hər dəfə olduğu kimi, 15 iyul gecəsi də qardaş Azərbaycan Türkiyəyə öz dəstəyini göstərib. Konsul göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonda tədbir iştirakçıları çevriliş cəhdinin qarşısının alınması zamanı çəkilən fotolardan ibarət sərgiyə baxıblar.

ƏvvəlkiVətən müharibəsi şəhidi Hikmət Məmmədovun barelyefi açılıb
NövbətiÇində koronavirusa görə yenidən lokdaun tətbiq olundu