Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib

Yanvarın 22-də Şəhidlər xiyabanında adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbiri açıq elan edən prezident təqaüdçüsü,  Əməkdar İncəsənət Xadimi, ehtiyatda olan polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib.

Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Əyyubov general H.Aslanovun döyüş yolunun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini,  ehtiyatda olan polkovnik Cəlil Xəlilov, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov və digərləri  H.Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.

İştirakçılar istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını xüsusi vurğulamış, mərasimin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

ƏvvəlkiAtəşkəs rejimi 29 dəfə pozulub
NövbətiMagistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək