Əbülfəs Qarayev vəzifəsindən azad edildi

Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 12-də mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb.

Aparılan araşdırmalarla Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Cinayət işi üzrə R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ƏvvəlkiEnergetika nazirinin müavini dəyişib
NövbətiOmbudsman separatçıların “seçkilər”i ilə bağlı bəyanat yaydı