Ziyad Səmədzadə: “Müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparmalıdır”

“2018-ci ildə sadələşdirilmiş verginin xüsusi çəkisi 5,3%-dən 6%-a yüksəlib, məbləği isə 20,7% artıb”.

Türk.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, 2019-cu ildə 1 yanvar tarixinə cəmi vergi ödəyicilərinin sayı il ərzində 6,9% və ya 62 400 vahid artaraq 970 340 nəfər olub.

“ƏDV ödəyicilərinin sayı isə 12,4% və ya 3 767 vahid artaraq 34 269 nəfər təşkil edib. 1 yanvar 2019-cu il tarixinə vergi obyektləri isə 7,4% artaraq 17 389 ədəd təşkil edib. 2018-ci ildə qeydiyyata alınan obyektlərin sayı 12,4% artaraq 35 729 ədəd olub. Xahiş edirəm rəqəmləri nəzərə alın. İl ərzində qeydiyyata alınan və fəaliyytəini bərpa edən obyektlərin sayı fəaliyyəti dayandırılan və ləğv edilən obyektlərin sayını 1,9 dəfə üstələyib. Biz deputatlar bu bağlanan obyektlərlə bağlı danışırıq. Həddən artıq yoxlamalar, sanksiyalar və s. haqsız yoxlamalar, iddialar  kimi hallar müəssisələrin bağlanması ilə nəticələnir”, – deyə Z.Səmədzadə bildirib.

Deputat onu da qeyd edib ki, hər il bu rəqəm demək olar ki, eyni qalır: “Bu obyektlərin bağlanması ölkəmizin əlavə dəyərinin artmasına mənfi təsir göstərir. Yeni yaradılan müəssisələrin dinamikasında müsbət meyllər var. Müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparsınlar. İri və orta müəssisələr niyə bağlanır?! Bunun səbəbləri nədir?! Yoxlamalara ya digər məsələlərə görə bağlanır? Biz bunları araşdırsaq konkret nəticələr əldə olunar. Bu aparılan araşdırmalar nəticəsində fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hesab edirəm ki, bu məsələyə diqqət ayırmalıyıq”.