Zaqatalada Vətən müharibəsi şəhidi Nail Abakarovun xatirəsi anılıb

Qırx dörd günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Aşağı Çardaxlar kəndindən olan Nail Abakarovdur. İyulun 24-ü şəhid Nailin doğum günüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, YAP Zaqatala rayon təşkilatının məsul şəxsləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, kənd sakinləri Nail Abakarovun kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasimində çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Nail Abakarovun şərəfli döyüş yolundan danışıb, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Nail Abakarov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 2-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.