Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən eyni mənanı ifadə edən iki oxşar sözlərdən biri çıxarılıb

Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşrə göndərilməsi üçün son tamamlanma işləri aparılır.

Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Elmi Şuranın iclasında yeni lüğətə daxil edilən və əvvəlki lüğətdən çıxarılan bütün sözlərin müzakirəsi yekunlaşıb.

Akademik bildirib ki, lüğətin sentyabr ayında nəşrə göndəriləcəyi dəqiqləşib: “Hazırda mən lüğəti sonuncu dəfə redaktə edirəm. Redaktəni bitirdikdən sonra lüğət gələn ay birbaşa nəşrə göndəriləcək və çapdan sonra lüğət ictimaiyyətə təqdim ediləcək. Bir məsələni xüsusi olaraq qeyd edim ki, lüğətdə eyni mənanı ifadə edən iki oxşar sözlərdən biri çıxarılıb. Misal üçün, eyni mənanı ifadə edən lampa və ləmpə, altun və altın, haçan və haçaq sözlərindən biri lüğətdən xaric edilib”.

Qeyd edək ki, Dilçilik İnstitutuna daxil olan yeni təkliflərlə əlaqədar olaraq yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin iyun ayının əvvəlində nəşrə göndərilməsi təxirə salınıb.

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” təqribən 5 ildən bir hazırlanır.

ƏvvəlkiƏn çox Qara Qarayevin əsərlərini sevirəm
NövbətiƏrdoğan: ”Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik”