Yeddi ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxilolmalar 46,3 milyon manatdır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı cari ilin yanvar-iyul ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu ilin yeddi ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 223 sifariş elektron qaydada qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 62 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.

Yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,4 milyon manat təşkil edib.

Yeddi ayda ümumilikdə 2252 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 498-i qeyri-yaşayış sahəsi, 1754-ü isə torpaq sahələrinə aid olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən yeddi ayda dövlət büdcəsinə ümumilikdə 13,9 milyon manata yaxın vəsaitin ödənilməsi təmin edilib.

Beləliklə, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 46,3 milyon manata yaxın vəsait daxil olub.