“YAZ” təcrübə proqramında sosial media və fərdi inkişafdan danışılıb

YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Sosial Media” və “Fərdi inkişaf” adlı təlimləri uğurla yekunlaşıb.

Təlim “YAZ” təcrübə proqramı çərçivəsində baş tutub. Təlimin ilk hissəsində YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov, “YAZ” təcrübə proqramı iştirakçıları və
partiya fəalları iştirak ediblər.

Millət vəkili Naqif Həmzəyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından bəhs edib. Həyata keçirilən islahatların, layihələrin yüksək intellektual biliyə və bacarıqlara malik Azərbaycan gəncliyinin formalaşması üçün əlverişli mühüt yaratdığını vurğulayan millət vəkili gənclərə bütün imkanlardan yaralanmağı tövsiyə edib.

Növbəti dəfə Gəncə gəncləri ilə görüşdən məmnun olduqlarını dilə gətirən Fərid Şahbazlı və Əhməd Şahidov Azərbaycanın milli maraqlarının qorunması naminə medianın, sosial şəbəkələrin imkanlarından, eyni zamanda gənclərə fərdi bacarıqlarını inkişaf etdirmək, uğur formulu, karyera planlaması və gələcək hədəflərə nail olmağın yollarından danışıblar.

Təlimin 2-ci hissəsi Fərid Şahbazlı və Əhməd Şahidov tərəfindən davam etdirilib. Geniş diskussiya şəraitində keçən təlimdə sosial media və internetin gənclərin formalaşmasında, şəxsiyyət kimi yetişməsində rolundan söz açılıb, gənclərə fərdi bacarıqlarını inkişaf etdirmək, imkanlarını səmərəli şəkildə dəyərləndirmələri üçün məsləhətlət verilib. Gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, cəmiyyətdə ixtisaslı və bacarıqlı kadrların formalaşmasına dəstək olmaq məqsədi ilə həyata keçirilən “YAZ” təcrübə proqramına qoşulan gənclər müxtəlif sahələr üzrə təlimlərdə iştirak etməklə yanaşı 2 ay ərzində təşkilatın müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

Təcrübə proqramını uğurla başa vuran təcrübəçilər YAP Gəncə şəhər təşkilatı tərəfindən sertifikatla təmin olunacaq, işlə təmin olunma imkanı əldə edəcəklər.