Yaponiya və Rusiya balıqçı gəmilərinin toqquşması nəticəsində üç nəfər həyatını itirib

Mayın 26-da yerli vaxtla səhər saat 6-da Hokkaydo adası sahillərində Yaponiya və Rusiya balıqçı gəmilərinin toqquşması nəticəsində 3 yapon balıqçı həyatını itirib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hadisə Hokkaydo adasında yerləşən Mombetsu limanından 23 kilometr aralıda baş verib. Yaponiyanın 9,7 ton su tutumuna malik olan “Dayhachi Hokkoumaru” balıqçı gəmisi Rusiyanın 662 ton su tutumuna malik “Amur” gəmisi ilə toqquşub. Yapon gəmisinin göyərtəsində beş, Rusiya gəmisinin göyərtəsində isə 23 nəfər olub. Hadisədən sonra Rusiya dənizçiləri yaponları xilas etməyə çalışsalar da onlardan üçü həyatını itirib.

Hadisə barədə məlumatın “Amur” gəmisi tərəfindən göndərildiyi və qəza nəticəsində yapon gəmisinin çevrildiyi bildirilir.

Hazırda Yaponiyanın Sahil Mühafizəsi Xidmətinin patrul gəmisi hadisənin səbəblərini araşdırır.