Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetiriblər.

Ssenariyə əsasən şərti düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən canlı qüvvə zərərsizləşdirilib.

Təlimdə həmçinin döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr mobil qruplar şəklində dəf edilərək şərti hədəflərə qəfil atəş basqını icra edilib.

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.