Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar paytaxt yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımının 27-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abidəsi ətrafında dövrə edib, həmin marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub. Bununla əlaqədar həmin marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və Bakı-Ələt yolunun 14-cü kilometrindən və Sədərək Ticarət Mərkəzinin çıxışından 3-cü kənar dairəvi yola, 20-ci Sahə dairəsindən Bayıl qəsəbəsi, Xanlar küçəsi, Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi – Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Dövlət Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə dəyişdiriləcək.

Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb. Hərəkət, həmçinin hava limanı istiqamətindən cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə tənzimlənir. Anım mərasiminin əhəmiyyətini nəzərə alaraq əhaliyə, avtomobil sahiblərinə və sürücülərə həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Anım mərasimində iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.