XİN: “Ermənistandan bir nəfər də olsun müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməyib”

“Bu günədək Ermənistandan bir nəfər də olsun törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır: “Ermənistan özünün də üzv olduğu Cenevrə konvensiyasının normalarını pozub. Gəncə hadisələri yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələri tərəfindən yerində çəkilib. Bütün materiallar protokol üzrə toplanıb və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb. Ancaq məsələ hələ də instansiyalarda baxılmaqdadır. Azərbaycan təqsirkarların qanun qarşısında cavab verməsi üçün əlindən gələni edəcək. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntularına görə bir nəfər də olsun qanun qarşısında cavab verməyib. Biz dünya ictimaiyyətini bir daha Ermənistana törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün təzyiqləri artırmasını tələb edirik”.