XİN başçısı: “Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana müşahidəçi statusunun verilməsinə baxır”

“Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Asiya regionunda önəmli regional təşkilatlardan biri hesab edilir və onun əsas məqsədlərindən biri regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsidir”.

“Report” xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair “Report” və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

“Ölkəmizin ŞƏT ilə münasibətlərinə gəldikdə isə qeyd edilməlidir ki, artıq 9-10 iyul 2015-ci il tarixində ŞƏT-in Ufada keçirilən zirvə görüşündə Azərbaycana ŞƏT-də dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilmişdir. Ölkəmiz ilə ŞƏT arasında mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası ilə ŞƏT arasında əməkdaşlıq istiqamətləri sırasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə və regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri yer alır. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təbliğ edilməsi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bununla yanaşı, Azərbaycanın trans-regional multimodal nəqliyyat qovşağı kimi təşviqi çərçivəsində ŞƏT daxilində mühüm yer tutan iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, ticarət və investisiya sahələrində əməkdaşlıq həmin təşkilatla qarşılıqlı fəaliyyət istiqaməti kimi müəyyən olunmuşdur.

ŞƏT çərçivəsində növbəti əməkdaşlıq pilləsi isə müşahidəçi statusudur və artıq ölkəmiz 2018-ci ildə bu statusun əldə edilməsi məqsədilə rəsmi şəkildə təşkilata müraciət etmişdir. Hazırda bu məsələyə ŞƏT daxilində baxılır və hesab edirik ki, ŞƏT ilə Azərbaycan Respublikası arasında mövcud fəal əməkdaşlıq sözügedən müşahidəçi statusunun verilməsindən sonra daha da inkişaf edəcək”, – nazir bildirib.