Avqustun 1-də xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausla görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Sonra Azərbaycan ilə İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasət, iqtisadiyyat, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq təqdir edilib, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülhün və sabitliyin bərqərar olunmasına çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb.
Yeni səfir fəaliyyəti müddətində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.