Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Sentyabrın 5-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov avqustun 31-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə istinad edib. Görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib.

Nazir, həmçinin Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq, gündəliyinə daxil olan məsələlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli təmasların bundan sonra da davam etdirilməsinə dair razılıq ifadə edilib.

ƏvvəlkiBöyük Britaniyanın daxili işlər naziri istefa verib
NövbətiBakının Xətai rayonunda yanğın söndürülüb