Xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefon danışığı olub

Martın 21-də xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər, həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.